az en ru

Pambığın ənənəvi və yeni sortları (1-ci hissə)

23.10.2020

Bir çox bitkilər kimi, pambıq bitkisinin də müxtəlif sortları və ya növləri mövcuddur. Bu sortlar həm ənənəvi, həm də yeni ola bilər. Bu yazıda isə pambığın bəzi sortlarını və onların xüsusiyyətlərini qeyd edirik.

AzNİXİ-195 Sortu

Bu pambıq sortu 1998-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu tərəfindən yaradılmışdır. Bu sort ortalifli G. hirsutum L. növünə aiddir. Formasına gəlincə isə, kolu yığcam və piramida şəklindədir. Hündürlüyü 90-100 sm olan bu sortun gövdəsi antosian ləkəli, zəif tüklü və yatmağa davamlıdır. Bu sortun meyvə budaqları I-II tip budaqlanmaya aiddir. Özündə isə 1-2 ədəd monopodial budaqları cəmləyir. AzNİXİ-195 sortunun yarpaqları tünd yaşıl rəngli, orta ölçüdə və 3-5 dilimdən ibarətdir. Çiçəyinin ölçüsü orta ölçüdədir və rəngi isə sarımtıl krem rəngindədir. Bu sort üzərində olacaq tozcuqlar sarı rənglidir. Qozasının forması yumurtavari, iri və zəif ulduzcuqludur. Ucu isə kütdür. Çiyidinin rəngi boz olan bu sortun, 1000 ədəd çiyidinin çəkisi 122 qramdır. AzNİXİ-195 sortu vilt xəstəliyinə qarşı da davamlıdır. Tez yetişməsiylə yanaşı, vegetasiya müddəti 124 gündür.

Göstəricilər:

  • Sortun potensial məhsuldarlığı 45-50 s/ha-dır;
  • Bir qozadan alınan xam pambığın kütləsi 6.2 qramdır;
  • Lifin uçağanda uzunluğu 35 mm, lif çıxımı 35.6 faiz, lif məhsulu isə 11.3 s/ha-dır.

Lifin texnoloji keyfiyyəti:

  • Lifin qırılma yükü 4.9 qq-dır (qırılma qüvvəsi);
  • Xətti dolğunluğu 6000 mteks-dir (lifin nazikliyi tekslə ifadə olunur, teks=m/q);
  • Nisbi qırılma uzunluğu 29.4 qq/teks;
  • Ştapel uzunluğu 34/35 mm-dir.


Gəncə-2 Sortu

Gəncə-2 sortu Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılıb. Bu sortun rayonlaşdırılması isə 2002-ci ilə təsadüf edir. Bu sort da G. hirsutum L. növünə aiddir. Kolu da öz növbəsində yığcam və piramida formalıdır. Hündürlüyü isə 100-120 sm-dir. Gövdəsi az tüklü, qabırğalı və möhkəmdir. Meyvə budaqlarının budaqlanması isə I-II tip budaqlanma növünə aiddir. Bu sort 1-2 ədəd monopodial budaqlara sahibdir. Yarpaqları 3-5 dilim, az tüklü, orta ölçüdə və açıq yaşıl rənglidir. Çiçəyin rəngi açıq sarı olmaqla, orta ölçüdədir. Bu sortun qozası iridir, forması ovalvari, səthi hamar, rəngi isə tünd yaşıldır. Bu sortun buruncuğu küt, ulduzcuğu isə zəifdir. Sortun 1000 çiyidinin çəkisi 115-120 qramdır. Bu sort da vilt xəstəliyinə qarşı nisbətən davamlıdır. Vegetasiya dövrü 130 gün olan Gəncə-2 sortu, tezyetişən sortlar qrupuna daxildir.

Göstəriciləri:

  • Sortun potensial məhsuldarlığı 50-55 s/ha-dır;
  • Bir qozadan alınan xam pambığın kütləsi 6.6 qramdır;
  • Lifin uçağanda uzunluğu 36.1 mm, lif çıxımı 37.7 faiz, lif məhsulu 11.4 s/ha-dır.

Lifin texnoloji keyfiyyəti:

  • Lifin qırılma yükü 5 qq-dır;
  • Xətti dolğunluğu 5930 mteks-dir;
  • Nisbi qırılma uzunluğu 29.4 qq/teks-dir;
  • Ştapel uzunluğu 34/35 mm-dir.


Gəncə-110 Sortu

Pambığın bu sortu 2009-cu ildə rayonlaşdırılıb. Gəncə-110 sortunun hündürlüyü 90-110 sm-dir. Bu sort həmçinin tezyetişəndir. Kolu yığcam və piramida formasındadır. Monopidial budaqlarının sayı 1 ədəd olan bu sortun gövdəsi solğun, zəif tüklü, yaşıl olmaqla birlikdə yatmağa davamlıdır. Gəncə-110 sortunun yarpağı orta iri sayılır və 3-5 dilimdən ibarətdir. Yarpaqlarının forması ürəkvaridir və rəngi barmaqvari tünd yaşıldır. Çiçəyi isə orta iri və sarı krem rəngindədir. Çiçəyin tozcuğu isə sarı rənglidir. Çiçək yanlığı 9-11 ədəd olmaqla orta iridir, dişlidir və qozanın 2/3 hissəsini örtür. Bu sortun qozası iri yumurtavari, ulduzcuqlu, hamar, qonur ləkəli və yaşıl rənglidir. Toxumunun ölçüsü orta iridir və 1000 toxumun çəkisi 115-120 qramdır. Toxumları rəngi tünd yaşıl, forması yumurtavari və orta dərəcə tüklüdür. Bu sortun lifinin uzunluğu isə 36.1 mm-dir. 1 ədəd qozanın kütləsi isə 6.2 qram olaraq bilinir.

30-38 Sortu

Bu sort 1958-ci ildə təcrübə tarlasında yaradılmışdır. 30-38 sortunun yaradılmasını isə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu həyata keçirmişdir. Bu sort əslində iki yeni pambıq sortunun çarpazlaşdırılaraq hibrid nəslindən təkrar seçmə yolu ilə alınmışdır. Bu sortda bir qozadan alınan xam pambığın kütləsi 6.3 qramdır. Bu pambıq sortunun kolu isə yığcamdır. Budaqlanması I-II tipə uyğundur. Gövdəsinin yoğun və sərt olması yatmağa qarşı davamlılıq yaradır. Kolunun hündürlüyü isə 90-120 sm-dir.

Digər özəllikləri:

-    Vegetasiya müddəti 128 gün;
-    Lif çıxımı 38.9 faiz;
-    Lifin uzunluğu 32.1 mm;
-    Lifin möhkəmliyi 5.45 qram;
-    Lifin zəifliyi 5300 mteks; 
-    Qırılma uzunluğu 26.6 qq/teks.