az en ru

Pambığın inkişafı və hava temperaturu

10.03.2020

Kənd təsərrüfatını bir kənara qoysaq, dünyada var olan bütün bitki növlərinin temperatura görə yetişmə qaydaları olduğunu görərik. Buna görə də dünyanın fərqli regionlarında temperatur dərəcələrinə görə müxtəlif bitkilər yetişir. Kənd təsərrüfatında da temperaturu nəzərə almadan bitki yetişdirmək qeyri-mümkündür. Ölkəmizdə də geniş əkinə sahib olan pambıq bitkisinin müəyyən temperatur altında inkişaf mərhələləri mövcuddur. Bu yazıda Siz, pambığın inkişafı və yaxşı məhsulun alınması üçün tələb olunan hava temperatur ilə tanış olacaqsınız.

Hava Temperaturu
Havanın müəyyən dərəcə isti olması pambıqçılıq sahəsində arzuolunan vəziyyətdir. Buna görə də həm dünyada, həm də ölkəmizdə pambıq əsasən isti zonalarda yetişdirilir. Əlavə olaraq qeyd edə bilərik ki, toxumun cücərməsi və yaxşı məhsul alınması üçün optimal hava temperaturu 25-30°C arasıdır. Əgər temperatur 25°C dərəcədən aşağı düşərsə, bitkinin inkişafında ləngimələr yaranır. Bitkidə istilik çatışmamazlığı 20°C-də görülür. İstilik çatışmamazlığının daha aydın göründüyü temperatur isə 17°C-dir. Pambıqda olan çiyid normalda 10-12°C-də cücərə bilir, ancaq cücərtilər torpağın üst qatına çıxa bilmir. Ləpəyarpaqların torpaq üzərinə çıxması üçün ehtiyacı olan temperatur isə nə az, nə çox 15-16°C-dir. Əgər temperatur bitkinin ilkin inkişaf mərhələsində 30°C-dən yüksək olarsa, pambığın inkişafı sürətlənəcək. Pambığın inkişaf mərhələsində 10-12°C istilik bitki üçün yolun sonu sayılır. Bu temperaturda bitkinin həyat proseslərinin dayanması müşahidə edilir.

Fərqli Pambıq Sortları
Sadaladığımız temperatur dərəcələri isə bütün növ pambıq sortlarına aid deyil. Pambığın müxtəlif sortlarında fərqli temperatur dərəcələri rol oynayır. Buna misal olaraq qeyd edə bilərik ki, bəzi sortlarda 7-8°C dərəcə altında cücərti yaşanırsa, bəzilərində bu rəqəm 10-15°C-dir. Ümumilikdə isə, temperaturun 0°C-dən aşağı olması bitkinin tələf olmasına gətirib çıxardır. Yeni cücərtilər mənfi 1-2°C-də tələf olursa, daha yetkin bitkilər isə mənfi 3-5°C-də məhv olur. Aşağı temperaturun pambığa təsir etməsində havanın nisbi rütubəti və külək kimi faktorlar böyük rol oynayır. Mənfi temperatur kimi yüksək temperaturun da pambığın inkişafına xeyri yoxdur. Əgər temperatur 35°C-dən yuxarıdırsa, pambığın böyüməsi və inkişafı dayanır. Temperaturun 30°C-dən yuxarı olması çiçəyin və tozcuqların inkişafını dayandırır və nəsil verməsini zəiflədir. Yəni, bu temperatur yetkin qozalarda puç çiyidin çoxalmasına və faraş bar orqanlarının kütləvi sürətdə tökülməsinə səbəb olur.

Pambıq bitkisinin normal yetişməsi üçün tələb olunan temperatur aralığı aşağıdakı kimidir:

  • Toxumun cücərməsi: 15-18°C;
  • Gövdənin, Yarpağın, Budağın (Vegetativ) inkişafı: 21-26°C;
  • Qönçələmə və çiçəkləmə: 19-21°C;
  • Qozanın yetişməsi və açılması: 26-32°C;
  • Pambığın inkişafına mənfi təsir göstərir: >35°C.