az en ru

Pambığın qida maddələrinə ehtiyacı

09.09.2020

Digər bitkilər kimi, pambıq bitkisinin də tələb etdiyi bəzi maddələr mövcuddur. Bunlara misal olaraq, azot, mis, sink, bor, manqan, molibden, yod və fosforu göstərə bilərik. S.A.Kudrin 1 ton xam pambığın istehsalı üçün tələb olunan elementlərin dəyəri haqqında önəmli məlumatlar vermişdi. Kudrinə görə 1 ton xam pambığın istehsalına 11 kq fosfor, 50 kq kalium,  50 kq azot, 50 kq kalsium, kükürd, natriumun və maqnezium hərəsindən 10 kq, 50 qramdan az mis, 200 q bor və digər elementlər lazımdır. Pambıq üçün ən əsas elementlər isə əsasən azot, fosfor və kaliumdur.

Azot və Fosfor

Pambıq inkişafının ilk zamanlarında azot və fosfor elementinə daha çox tələb yaranır. Qida maddələrinə tələbatın artdığı dövr isə qönçələməyə başlandığı zamana təsadüf edir. Qönçələməyə başlayan pambıq bitkisində quru kütlə artımı yüksəldiyi üçün qida maddələrinə tələbat da artır. Çiçək açandan pambıq lifi yetişənə qədər üzvi maddələrin toplanma dinamikası intensiv şəkildə formalaşır. Pambıq yetişməyə başladığı zaman quru kütlə bar orqanlarının inkişafı hesabına artır. Buna səbəb də vegetativ üzvlərin böyüməsi və kəsilməsidir. Quru kütlə artdıqca pambıq bitkisi daha çox qida elementi tələb edir. Pambığın daha çox qida elementləri sərf etdiyi dövr isə çiçəklənmədən kütləvi yetişməyə qədər olan dövrdür.

Bəs ilk dövrlərdə fosfor çatışmazlığı olarsa, nə baş verir? Belə olan halda isə bitkinin kök sisteminin inkişafı yavaşlayır və meyvə orqanları vaxtında əmələ gəlmir. Fosfor və azotun vegetativ orqanlarda maksimum miqdarı isə çox vaxt kütləvi çiçəkləmə dövrünə düşür. Çiçəkləmə vaxtına qədər pambıq bitkisinin torpaqdan aldığı azotun, demək olar, hamısı yarpaqların əmələ gəlməsinə sərf olunur. Bar orqanlarının azot və başqa qida maddələrinə tələbatı isə qozanın əmələ gəlməsi dövründə artmağa başlayır.

Kalium

Pambıq bitkisinin azot və fosfordan başqa ehtiyacı olan digər element isə kaliumdur. Pambığın ilk inkişaf dövründən 2-3 əsl yarpaq əmələ gələnə qədər daha çox azot tələb etdiyi halda, inkişafın sonlarına yaxın kaliuma tələbi azota tələbindən daha çox olur.

Əgər qönçələmə dövründə kalium çatışmazlığı yaranarsa, yarpaqların çoxu tökülür və gövdənin çəkisi azalır. Kalium çatışmazlığı olduğu zaman şəkərlərin yarpaqlardan bar orqanlarına axımı pozulur və lif ilə toxumun struktur elementlərinin əmələ gəlməsini ləngidir. Pambıq bitkisinin barbağlama və yetişmə dövründə kaliuma tələbi daha çox artır. Əgər bitki bu dövrdə yetəri qədər kalium əldə edərsə, qozanın çəkisi və lifin keyfiyyəti istənilən formada olur.