az en ru

Pambıq İnkişafına Təsir Edən 9 Zərərverici

14.01.2020

Heç indiyə qədər pambığın yetişdirilməsinə maneə törədən zərərvericilər haqqında düşünmüsünüzmü? Təbiətin bizə bəxş etdiyi bu ağ qızılı yetişdirmək çox zaman keşməkeşli olur. Kənd təsərrüfatının hər sahəsində olduğu kimi, pambıqçılıqda da qarşılaşa biləcəyimiz problemlər mövcuddur. Pambıq yetişdirilməsi zamanı müxtəlif xəstəliklər və ziyanverici həşəratlar bizə əlavə iş artırır. Bu yazıda hansı ziyanvericilərin pambığın inkişafına mane olduğunu və onlara qarşı necə mübarizə aparıldığını bildirəcəyik.

Tırtıl Qurdu

Latıncada adı Agrotis Ipsilon olan bu zərərverici, boz rəngdədir və adətən gecələri torpağın üst qatına çıxır. Gecələr çox rahatlıqla torpağın üst qatına çıxan bu zərərverici, torpaqda olan təzə toxumlarla bəslənir. Bu qurdun qarşısını almaq üçün torpağın yatağını yaxşı hazırlamaqla yanaşı tarlanı yabanı otlardan da təmizləmək lazımdır. Bundan sonra isə effektiv məhlul ilə ərazini dərmanlamağa ehtiyac olur.

Yarpaq Biti

Yarpaq biti çox balacadır və torpaqdan seçilmir. Bu zərərvericilərin boyu 1-2 mm olur. Rəngləri isə sarı, qara və yaşıldır. Yarpağın alt hissəsində bitkinin suyunu əmərək bitkiyə zərər verir. Zərəri tək bununla da bitmir. İlk növbədə yarpağın inkişafını dayandırır. Bitkiyə ötürdüyü yapışqan selik isə açılmış qozaların keyfiyyətini aşağı salır. Yarpaq bitinə qarşı mübarizədə önəmli olan metod gübrə və sulamanı minimuma endirməkdir. Digər metod isə yabanı otların tarladan və tarla ətrafından təmizlənməsidir. 

Yarpaq Birəsi

Yarpaq birəsi öz növbəsində yaşıl, boz və sarı rənglərdə olur. Boyu 3-4 mm olan bu zərərverici yarpaqların tərkibində olan suyu əmərək bitkinin inkişafına mane olur. Bunun nəticəsində isə çiçəyin tökülməsi gözlənilir. Bu zərərvericinin qarşısını almaq üçün 100 bitkidən 100 yarpaq nümunəsi götürülür və əgər birələr 30 yarpaqda aşkar olunarsa effektiv məhlullar ilə dərmanlama edilir.

Pambıq Birəsi

Pambığın yetişməsinə ən böyük maneələrdən biri də pambıq birəsindən gəlir. Boyları 6-7 mm və qəhvəyi rəngində olan bu zərərverici, ayaqları uzun olan bir əmicidir. Pambıq birəsi bitkinin ilkin formasını və çiçəklərini əmərək pambığın inkişafına zərər verir. Nəticə olaraq isə anormal şəkildə çiçək və yarpaq tökülür. Əgər 100 bitkidən 15-də bu kimi nəticələr görünərsə, deməli tarlada pambıq birəsi mövcuddur. Qarşısı isə ən effektiv dərmanlama ilə alınır.

Taxta Qurdu

Taxta qurdu əsasən quru və isti hava şəraitlərində pambıq bitkisinə zərər verir. Təzə tumurcuqların və yarpaqların suyunu əmərək, onları inkişafdan saxlayır. Bunun nəticəsində isə əmilən yerlər gümüş rəngini alır və yarpağın ucları aşağıya doğru qıvrılır. Taxta qurdu ilə mübarizədə tarlada yer alan yabanı otlar təmizlənməlidir. Bundan əlavə, tarlanın 5 fərqli yerində 20 pambıq bitkisi incələnir və əgər 1 taxta biti belə tapılarsa, o halda dərmanlama edilir.

Qırmızı Hörümcək

Qırmızı hörümçəklərin ölçüləri çox balacadır. Əgər yarpaqların alt hissəsində açıq boz bir təbəqə varsa və yarpaqların qızarması sezilirsə deməli bu hörümçək tarlada mövcuddur. Quru və isti yerlərdə çox sürətlə yayılması ilə tanınırlar. 5 fərqli yerdən götürülmüş 100 yarpaqdan 10-da yumurta müşahidə edilərsə, dərmanlama edilməlidir.

Ağ Milçək

Ağ milçəklər krem rəngində və 1 mm boyda olurlar. Bu zərərverici pambıq yarpaqlarının alt hissəsində yeni yetişmiş nimf adında yarpaqların suyunu əmərək, bitkini qurudur. Yapışqan selik isə öz növbəsində pambığın inkişafını dayandırır və lif keyfiyyətini endirir. Hər yarpaqda 1-2 ağ milçək görülərsə dərmanlama metodu seçilir.

Çəhrayı Qurd

Çəhrayı qurdlar da digər zərərvericilər kimi pambıq bitkisində olan çiçəklərə zərər verirlər. Çiçəklər açmadan öncə oraya daxil olaraq inkişaf üçün vacib olan elementləri yeyirlər. Bunun nəticəsi olaraq, pambıq bitkisi göbələk xəstəliyi ilə üz-üzə qala bilər. Beləliklə, bitkinin inkişafı yavaşlayır.

Pambıq Yarpağı Qurdu

Pambıq yarpağı qurdu əsasən mövsüm sonlarına yaxın görülən bir zərərvericidir. Bu qurdların dişiləri bir yarpağın altına 100-300 ədəd yumurta qoyur. Yumurtadan çıxan tırtıllar isə çevrədəki yarpaqları yeyərək onlara zərər verir. Yetkin bir tırtıl ilə mübarizə çətin olduğu üçün onlar hələ gənckən tədbirlər görülməlidir. 

Pambıq zərərvericilərinə qarşı dərmanlama zamanı diqqətə alınması vacib olan xüsuslar:

Pambıq tarlasında zərərvericilərə qarşı dərmanlama həyata keçiriləcəksə, tarlanın, insanların və digər canlıların sağlamlığını və təhlükəsizliyi üçün aşağıdakı nüanslara diqqət etmək önəmlidir.

  • Zərərvericilərin müşahidə edildiyi an ilk addımlar atılmalıdır;
  • Dərmanlama ərazidəki canlılar və qidalara zərər verməməlidir. Bunun qarşısı alınmalıdır;
  • Digər otlar üçün dərmanlamada istifadə edilən alətlər yaxşıca təmizlənməlidir;
  • Heyvan yemlərinin yanında olan pambıq tarlalarının dərmanlaması küləkli havada olmamalıdır;
  • Dərmanlama prosesi başlamadan öncə zəhərlənməyə qarşı tədbirlər görülməlidir.