az en ru

Pambıq lifi və insan sağlamlığı

14.06.2020

Dünya geyim sənayəsində emalatın artmasıyla bərabər, süni (sintetik) lif materialın da toxuculuq sahəsində artımı görülür. Təbii ki, bu tip materialın istehsalının çox olması onun insan sağlamlığına zərərsiz olduğu mənasına gəlmir. İnsanların böyük hissəsi bu barədə dəqiq məlumata sahib olmadığından, sintetik materialın zərərlərinə çox da fokuslana bilmirlər. Ümumiyyətlə, sintetik materialın zərərli olması təbii pambıq lifinə imkan yaradır ki, bu sanəyedə əsas xammal funksiyasını davam etdirsin.

Sintetik liflərin zərərli olmasını qeyd etdik. Bəs sintetik liflər nədən əldə olunur? Bu materialın ilk xammalı təbii qaz və neftdən ayrılmış məhsullardan, daş kömürdən, etiləndən və bunlar kimi mənbələrdən əldə olunur. Bu tip məhlulları mürəkkəb bir prosesin içində emal edərək, yüksək molekulyar maddələr əldə edilir. Əldə edilən yüksək molekulyar maddələrdən alınan məhluldan isə lif hazırlanır. Aşağıdakı başlıqda isə sintetik lifli paltarların sağlamlığa hansı təsirlərinin olduğunu qeyd edəcəyik.

Niyə pambıq geyim (parça) önəmlidir?

Misal olaraq deyə bilərik ki, alt paltarları pambıq parçadan olmalıdır. Alt paltarları pambıq parçadan olarsa, dəri ifrazatları yaxşı şəkildə hərəkət edər. Sintetik parçalarda isə ifrazat pis hopur və dəridə qıcıqlanmalar ilə bərabər qaşıntılara səbəb olur. Hamilə qadınlara isə ümumiyyətlə sintetik parçalı geyimlər məsləhət görülmür, çünki sintetik parça dərinin nəfəs almasına mənfi təsir göstərir və bədənin tərləməsinə mane olur. Bu da orqanizmə birbaşa təsir edən amillərdəndir.

Ümumiyyətlə, pambıq parçadan olan paltarlar insan bədənini sıxmır və bədənə istənilən formada yaxşı oturur. Təbii pambıq parçadan olan geyimlər insan bədəninə ağırlıq yaratmır, yəni bu tip paltarlar yüngül olur. Sintetik parçalarda isə bu nüanslar fərqlidir. Məsələn, sintetik paltarlar insan bədənini sıxır və yüngül olmur. Paltar bədən çəkisinin 8-10 faizindən çox olmamalıdır, ancaq sintetik liflər ağır olur.

Təbii pambıqdan olan geyimlərin boyası gec və ya çətin getdiyi üçün bədənə heç bir mənfi təsir yaratmır. Sintetik parçalı geyimlərdə isə boya asanlıqla çıxır. Əgər isti havalarda sintetik materialdan olan paltar geyinmisinizsə, tərlədiyiniz zaman paltardan dərinizə bir çox maddə keçə bilər. Hətta, bu tip geyimləri yuduqda və ya üzərinə ətir sıxdıqda, paltarın tərkibindəki maddələr ilə qarışıqlıq yaranır. Əgər dar sintetik geyimdəsinizsə, parça içərisində yer alan zərərli maddələr dəriyə hopa bilər.

Son olaraq qeyd edə bilərik ki, pambıq parça geyimləri bədənə lazımi şüaları yaxşı keçirir. Sintetik parçalar isə ehtiyac duyulan şüanı bədənə keçirmir. Kapron və neylon kimi sintetik materiallar ultrabənövşəyi şüaları 50-70 faiz dəyərində keçirdir. Beləliklə, günlük geyimlərinizdə çalışın pambıq parçalara önəm verin. Sağlamlığınızın qeydinə qalın.