az en ru

Rövşən Həsənov

Şirkət rəhbəri

Şirkət Rəhbərinin Müraciəti

Azərbaycanın ən böyük pambıqçılıq şirkəti adını qazanmış MKT İstehsalat Kommersiya MMC-nin fəaliyyəti və xidmətləri haqqında ətraflı məlumatı özündə cəmləşdirən veb-səhifəmizi diqqətinizə təqdim etməkdən məmnunluq hissi duyuruq! Səhifəmizin Azərbaycandan və bütün dünyadan olan dəyərli tərəfdaş və müştərilərimizlə əməkdaşlıq imkanları yaradacağına ümid edirik.

Dövlət başçımız cənab Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısının nəticəsidir ki, ölkədə aqrar sektorun mühüm sahəsi olan pambıqçılıq son illər özünün inkişaf dövrünə qədəm qoymuş və bu sahədə yüksək nailiyyətlər əldə edilməkdədir. MKT İstehsalat Kommersiya MMC artıq 25 ildir ki, bu sahədə əsas rol almış, əldə etdiyi nailiyyətlərdən ilhamlanaraq, uğurlarını davam etdirməyə çalışmış, həyata keçirilən hər bir layihədə ən son beynəlxalq standartlara cavab verən avadanlıq və həll üsulları tətbiq etməklə müştəri və tərəfdaşlarının keyfiyyət gözləntilərini qarşılamağa nail olmuşdur. Yerinə yetirdiyimiz işlərin həcmindən asılı olmayaraq, hər bir layihəyə xüsusi diqqət və qayğı göstərmiş və  müvəffəqiyyətli nəticə əldə etməyi hədəf kimi müəyyən etmişik. MKT İstehsalat Kommersiya MMC-nin respublikamızın 18 rayonunda 12 pambığın ilkin emalı zavodu, 11 pambıq qəbulu məntəqəsi, 6 innovasiya təsərrüfatı filialı, 2 tekstil fabriki və 1 yağ emalı zavodu fəaliyyət göstərir. Hər il daha yüksək məhsuldarlıq əldə etmək üçün pambıqçılığın inkişafı istiqamətində qurduğumuz beynəlxalq əməkdaşlıqlar sayəsində şirkətimizdə dünyanın ən müasir texniki avadanlıqları tətbiq olunmaqda davam edir. Minlərlə zəhmətkeş insanı özündə cəmləşdirən kollektivimizin uğurlarının bünövrəsində vətənimizə sevgi və cəmiyyətimizə sonsuz qayğı hissi durur.

Təqdim etdiyimiz veb-səhifə vasitəsi ilə öz fəaliyyətimizi və xidmətlərimizi daha geniş ictimaiyyətə təqdim etmək niyyətindəyik. Veb-səhifəmizi ziyarət etdiyiniz üçün hər birinizə öz təşəkkürümüzü bildirir, böyük məmnunluq hissi ilə rəy və təkliflərinizi bizimlə bölüşmənizi gözləyirik.

 

MKT-İK MMC-nin İdarə Heyətinin sədri
Rövşən Həsənov