az en ru

Pambığın yetişdirilməsində torpağın rolu

18.02.2020

Torpağın canlılar üçün nə qədər vacib olduğu hər kəsə məlumdur. Sirr deyil ki, torpağa hər zaman ana torpaq deyə xitab edirik. Pambıqçılıq üçün də torpaq böyük rol oynayır. Bütün bitkilər kimi, pambığın da əsas qida mənbəyi əlverişli torpaqdır. Buna görə də, təsərrüfat sahəsində torpağın hər zaman yumşaq, nəm və qida maddələri ilə zəngin olması üçün torpağa xüsusi qayğı göstərilir. Ümumilikdə isə pambıq bitkisini mexaniki tərkibcə bir çox torpaq növündə yetişdirmək mümkündür. Mexaniki tərkibcə yüngül gillicə torpaqlar pambıq yetişdirilməsində ən yararlı torpaq növü sayılır. Əgər torpaq ağır gillidirsə, pambıqçılıq üçün əlverişli sayılmır, amma ağır gilli torpağın gübrələnməsi, suvarılması və qayğısı yüksək səviyyədə olarsa, pambıq məhsulu almaq mümkündür. 

Torpağın Strukturası (Dənəvər)

Pambığın yetişdirilməsində bir digər nüans isə torpağın strukturalı olmasıdır. Torpaq nə qədər strukturalı olarsa, bitkinin inkişafı o qədər yaxşı olar. Strukturasız torpaqda isə çox qaysaq mövcuddur və buna görə də, su-fiziki xassələri bitki üçün əlverişli olmur. Torpaq strukturasız olduğu zaman pambıq bitkisinin yeni yetişmiş cücərtiləri zəif inkişaf edir və torpaqda olan qaysaq zəif cücərtilərin kök boğazında sıxlıq yaradır. Əgər torpaq strukturasızdırsa, isti havalarda qaysaq təbəqəsi qızır və bitkinin zəif cücərtiləri tələf olur. Çox zaman bu tip torpaqlarda cücərti almaq mümkün olmur və səpinlər yenidən aparılır.

Şoran Sular

Torpağın əkin qatı qalın olarsa, bitkinin normal inkişafı və böyüməsi üçün uyğun şərait yaranır. Bundan əlavə, pambığın yaxşı inkişafında qrunt sularının da hansı dərinlikdə olduğu rol oynayır. Şorlaşmış torpaqaltı sular nə qədər torpağın üst hissəsinə yaxındırsa, o qədər də bitki üçün zərərli sayılır. Şorlaşmış suların pambıq əkini üçün zərərsiz sayılması üçün bu sular 3 metrdən artıq dərində olmalıdır.

Torpağın Şorluğu

Ölkəmizdə əsas pambıq yetiştirilən ərazilər Kür-Araz ovalığı torpaqlarıdır. Bu torpaqların əksər hissəsi boz-qonur, boz-çəmən, boz və çəmən-bataqlıq formasındadır. Bu tip torpaqlarda sulfatlı, xloridli və suflatlı-xloridli şorlaşma əmələ gəlib. Pambıq bitkisi şoranlığa az da olsa dözə bilir amma duz faizi yuxarı olduğu halda bitki inkişafında əziyyət çəkir. Pambığın yetişdiyi torpaqda duz dəyəri çoxdursa, pambığın su rejimi pozulur və inkişaf mərhələsinə ciddi zərər dəyir. Hətta, bitkinin tələf olmasına da yol aça bilir. Torpağın duzluluğu yavaş-yavaş artarsa, pambığın duzluluğa qarşı dözümlülüyü artır və normal inkişaf edir. Həddindən artıq şorlaşmış torpaqda olan pambıq bitkisinin həcmi kiçilir, buxarlanması zəifləyir və məhsuldarlığı azalır. Bunun nəticəsi olaraq, şoranlığa davamlı olan sortlar yetişdirilir və şoranlaşmaya qarşı müxtəlif tədbirlər görülür.