az en ru

Xam pambığın saxlanma qaydası

06.12.2020

Yığılmış xam pambığın düzgün şəkildə qurudulması və saxlanılması önəmli faktorlardan biridir. Bu prosesin düzgün aparılması lifin keyifiyyətinə bir başa təsir edir. Pambığın qurudulması fərqli yerlərdə edilə bilər. Bunlara misal olaraq, boş əraziləri, açıq meydançaları və üstü örtülü binaları qeyd edə bilərik. Əgər pambıq qurudulmayıb, nəm halda saxlanılarsa bəzi çatışmazlıqlar üzə çıxa bilər:

  • Qızışma baş verir;
  • Qızışmaya görə lif zəifləyir və qırılır;
  • Lifin rəngi saralır;
  • Liflər yapışaraq yumaq formasına düşür.

Xam pambıq çiyidinin nəmliyi 10 faizə düşənə qədər qurudulur. Normal prosedurda isə xam pambığı 10 santimetr qalınlığında sərərək və ya yaba ilə çevirərək qurudurlar. Əgər pambıq məhsulu yağışlı havada yığılıbsa, xüsusu qurutma qurğuları olan binalarda qurudulur. Bu binalarda tempratur 60-800C ola bilir. Qeyd edilən tempratur bu normadan yuxarı olarsa, məhsul yana və qovrula bilər. Toxumluq pambığın qurudulması isə fərqli olur. Əgər toxumluq pambığın nəmliyi yüksəkdirsə, onu günəşin altında qurutmaq daha məqsədə uyğundur. Xüsusi binalarda, yəni 600 C-ə qədər olan yerlərdə qurudularsa, çiyidi cücərmə qabiliyyətini itirəcək və səpinə yarasız olacaq.

Xam pambığın emala keyfiyyətli şəkildə getməsi üçün aşağıdakıları diqqətə almaq lazımdır:

  • Xam pambığı anbarlarda açıq vəziyyətdə və ya kisələrdə ağzı açıq şəkildə saxlamaq olmaz. Belə olan halda, pambığın içərisinə tozlar daxil olur və çirklənmə yaşanır. Dahası, belə şəkildə saxlanılan pambıq, nəmi özünə çəkir və lifin keyfiyyəti pisləşir;
  • Həm lif, həm də toxum məqsədilə saxlanılan xam pambığın saxlanıldığı bina düzgün şəkildə seçilməlidir;
  • Xam pambığın nəmliyi və istiliyi keçirməməsi üçün seçilən binanın divarları, döşəməsi və tavanı uyğun materialdan olmalıdır. Anbarların tavanı qır, tol və taxta ilə örtülməlidir;
  • Xam pambıq qurudularaq anbarlarda və ya üstü örtülü talvarlarda saxlanılmalıdır;
  • Anbarların kürsü hissəsi yerdən ən azı 25 santimetr yüksəklikdə olmalıdır;
  • Talvarların saxlanıldığı yerin tavanı betondan və ya istilik-nəmlik keçirməyən materialdan olmalıdır;
  • Pambığın saxlanıldığı yerlərdə yanğın təhlükəsizliyinə diqqət yetirilməlidir;
  • Əgər toxum məqsədilə pambıq saxlanılırsa, anbarın nisbi rütubəti 75 faizdən çox olmamalıdır. Çiyiddə isə nəmlik 10 faizi keçməməlidir. Saxlanma mühiti uyğun olmasa xəstəliklər yarana bilər və məhsul xarab olar;
  • Əgər anbarlarda tempratur artıb, pambıqlarda qızışma yaradarsa, havalandırma sistemləri işə salınmalıdır. Buna görə də, anbarlara keyfiyyətli havalandırma sistemləri quraşdırılmalıdır.