az en ru

Pambığın ənənəvi və yeni sortları (2-ci hissə)

13.11.2020

Pambığın ənənəvi və yeni sortları yazısının birinci hissəsində AzNİXİ-195, Gəncə-2, Gəncə-110, və 30-38 sortları barədə sizə bəhs etmişdik. Ənənəvi və yeni sortlar barədə məlumatın davamını isə bu yazıda sizə təqdim edirik. Bu yazıda Muğan-395, Ağdaş-3, Maraş və Antep sortlarından danışacayıq.

Muğan-395 Sortu

Pambığın Muğan-395 sortu Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu tərəfindən hibrid materialdan seçmə yolu ilə alınmışdır. 1990-cı ildən isə rayonlaşdırılıb. Bu sortun kolu yığcam və piramida formasındadır. Hündürlüyü 100-110 sm olan bu pambığın, gövdəsi bərk, az tüklü və yerə yatan deyil. Birinci simpodial budaqlar əmələ gəldiyi zaman hündürlük gövdənin 5ci və 6cı buğumuna düşür. Muğan-395 sortunun budaqlarının böyüklüyü orta, 3-5 dilimli və açıq sarı rəngdədir. Çiçəkləri isə orta böyüklükdə və açıq sarı rəngdədir. Bu sortun qozaları yumru, yumurtavari, iri və ulduzcuqsuzdur. Toxumunun böyüklüyü isə orta olub, azacıq tükcüklüdür. Bu sortun 1000 toxumunun çəkisi 120-122 qramdır. 1 qozasından çıxan pambıq kütləsi isə 6-6.5 qramdır. Qozanın möhkəmliyi 4.7 qq, zərifliyi 5800-5850 mteks-dir. Nisbi qırılma uzunluğu isə 27.5 qq/teksdir. Bu sort da viltə davamlıdır.

Digər özəllikləri:

  • Vegetasiya dövrü 128-130 gündür. “C-4727” sortuna nəzərən 8-10 gün tez yetişir və buna görə də “30-38” pambıq sortuna bənzəyir;
  • Orta məhsuldarlıq 44-45 s/ha-dır;
  • Lifinin uzunluğu 34-34.5 mm və lif çıxımı 37-38%-dir.

Ağdaş-3 Sortu

Ağdaş-3 sortu ölkəmizdə 1983-cü ildə rayonlaşdırılıb. Bu sortun kolunun hündürlüyü 90-95 sm-dir. Kolunun forması isə piramida şəklindədir. Əsas gövdəsi yerayatımlı deyil, orta tükcüklüdür və qırmızı-qəhvəyi rənglidir. Budaqlarının simpodial tipi isə II-III tipə aiddir. İlk meyvə budağı əsas gövdənin 5ci və 6cı buğumunda ortaya çıxır. Bu sortun yarpaqları zəifdir və 3-5 dilimdən ibarətdir. Yarpaqlarının böyüklüyü ortadır. Ağdaş-3 sortunun çiçəkaltlıqları 13-15 dişcikli və uzundur. Bu pambığın qozaları iri və azacıq oval formasındadır. Pambığın 1000 toxumunun kütləsi 120-125 qramdır. Bu sortun bir qozasından əldə olunan xam pambığın kütləsi 5.6-6.5 qramdır. Vilt xəstəliyinə qarşı davamlı deyil. Birinci inkişaf dövründə xəstəliyə tutulma ehtimalı böyükdür.

Digər özəllikləri:

  • Lifaltlığı açıq-qəhvəyi rəngdədir;
  • Vegetasiya müddəti 130-135 gündür;
  • Məhsuldarlıq 25-30 s/ha-dır;
  • Lifi IV tipdir və uzunluğu 33-33.5 mm-dir;
  • Lifin möhkəmliyi 4.8 qq, zərifliyi 5500-5600 mteks və qırılma uzunluğu 26-27 qq/teksdir.

Maraş Sortu

Pambığın Maraş sortu Türkiyə Respublikasından gətirilərək Azərbaycanda rayonlaşdırılıb. 2001-2003-cü illərdə Salyanda yerləşən sort sınaq məntəqəsində sınaqdan keçirilmişdir. Bu pambıq sortu orta yetişəndir. Maraş sortunun vegetasiya müddəti isə 120 gündür. Kolu yığcam və konusşəkilli olan bu sortun hündürlüyü 95-100 sm-dir. Gövdəsi zəif sallanan, əyilməyə qarşı dayanıqlı və möhkəmdir. Bu sortun simpodial budaqları isə I tipdir. Monopodial budaqlar isə 1-2 ədəddir. Bu sortun yarpaqları ürək formasında və iri ayalıdır. Qozalar isə ovalşəkilli, iri, yaşıl və 4 dilimlidir. Qozadan çıxan xam pambığın çəkisi 7 qram təşkil edir. Lif tipi qismən V tipə aid edilir. Texnoloji göstəricilərə görə isə IV tipə daxildir. Xəstəliklərə və quraqlığa davamlı olan bu sortun suya tələbatı azdır.

Digər özəllikləri:

  • Sınaq nəticəsində əldə olunan orta məhsuldarlıq 33.3 s/ha-dır;
  • Lif çıxımı 39.3%-dır;
  • Mahlıc məhsulu 13 s/ha-dır;
  • Lifin ştapel uzunluğu 35-366 mm, möhkəmliyi isə 5.8 qq-dır;
  • Lifin qırılma uzunluğu 28.7 km, metrlik nömrəsi isə 5618 metksdir.

Antep Sortu

Antep sortu da Maraş sortu kimi Türkiyə Respublikasından gətirilmişdir. Salyan sort sınaq mərkəzində 2001-2003-cü illərdə sınaqdan keçirilmişdir. Maraş sortu kimi Antep sortu da orta yetişəndir. Vegetasiya müddəti isə 123 gündür. Kolları yığcam və sıx yarpaqlı olan Antep sortunun hündürlüyü 95-100 sm-dir. Forması isə piramidaya bənzəyir. Antep sortunun gövdə hissəsi yatmaya meyilli və yaşıldır. Yarpaqları xırda olan Antep sortunun 3 dilimli bar budaqları və 5 dilimli boy budaqları mövcuddur. Bu sortun qozaları isə 3 dilimli, yumurtavari və sığallıdır. Bir qozasından çıxan xam pambığın kütləsi isə 7 qram olur. Toxumu da qozalar kimi yumurtavaridir, ancaq iridir. 1000 ədəd çiyidinin çəkisi isə 115 qram olur. Bu sortun lifinin tipi qismən V növə yaxındır. Texnoloji göstəricilərə görə isə IV tipə daxildir. Xəstəliklərə, xüsusilə hommoz və payızlıq sovkaya qarşı davamlıdır. Suya tələbatı isə azdır.

Digər özəllikləri:

  • Məhsuldarlığı 32 s/ha-dır;
  • Lif çıxımı 38%, mahlıc məhsulu isə 12.2 s/ha təşkil edir;
  • Lifinin ştapel uzunluğu 35-36 mm, möhkəmliyi 5 qq və qırılma uzunluğu 28.3 km-dir;
  • Metrlik nömrəsi isə 5625 mteksdir.