az en ru

Pambığın Yığım Vaxtı

19.04.2020

Pambıq məhsulunun yetişdirilməsi diqqət tələb edən prosesdir. Pambığın yığılması isə daha çox diqqət gərəkdirir. Müəyyən nüansları gözdən keçirərək, pambıq məhsulunu vaxtında yığmaq daha məqsədə uyğundur. Ancaq pambıq yığımını hər dəfə tam vaxtında etmək mümkün olmur. Bu yazıda pambığın yığım vaxtı ilə əlaqəli suallarınıza cavab tapacaqsınız.

Pambıq məhsulu nə vaxt yığılır?

Pambığın yığılması ilə qozaların yetişməsi prosesi bir-biri ilə əlaqəlidir. Qozaların çatlayıb və açılması yetişmiş liflərin həcmindən asılır. Yetişmiş liflərin həcmi artdığı zaman qozalar çatlamağa və açılmağa başlayır. Açılmış qozalarda hər zaman dilimlər müşahidə olunur və bu dilimlər bir-birindən ayrılmış formada olur. Ümumilikdə isə qozaların yetişməsi və pambığın yığım vaxtı bəzi nüanslardan asılıdır. Bunlara aiddir - torpaq və iqlim şəraiti, pambığın becərilmə texnologiyası, sortun vegetasiya müddətinin uzun və qısa olması. Pambıq bitkisində qozaların yetişməsi aşağıdan yuxarıya doğru olur. Ən aşağıda olan bar budağındakı açılan qoza ilə ən yuxarıdakı bar budağında açılmış qoza arasında təxminən 60-90 gün fasilə gözlənilir. Buna görə də, pambıq məhsulu hissə-hissə bir neçə dəfəyə yığılır.

Bəs pambıq vaxtından əvvəl və ya tez yığıldıqda nə baş verir?

Pambıq vaxtından əvvəl yığıldıqda, tam açılmamış və lifi yetişməmiş qozalardan yığılan məhsulun keyfiyyəti aşağı düşür. Pambıq gec yığıldıqda isə məhsulu gec yığılan pambıq liflərində rəng və parlaqlıq itir, lifin və çiyidin ağırlığı azalır.

Məhsulun gec yığılması hər zaman texniki səhv ola bilməz. Bəzi səbəblərdən pambıq məhsulunun yığımı gecikə bilər. Əgər yığım mövsümündə hava şəraiti yağıntılı keçirsə və əlverişsiz hava şəraiti mövcuddursa, o halda pambıq məhsulunun yığımı gecikə bilər. Buna əlavə olaraq qeyd edə bilərik ki, pambıq yığımı üçün tələb olunan texnikada və ya işçi qüvvəsində çatışmamazlıq ola bilər. Bu da pambıq məhsulunun yığımını gecikdirən səbəblərdəndir. Pambıq məhsulunun yığımını gecikdirən digər səbəb isə vegetasiya dövründə düzgün aparılmayan becərmələr ola bilər. Bu halda, pambığın yetişməsi uzanır və yığım gecikir.

Ölkəmizdə Yığım Vaxtı

Ölkəmizin pambıqçılıq rayonlarında qozaların açılması adətən avqustun sonlarına və sentyabr ayının əvvəlinə təsadüf edir. Əgər hava şəraiti də uyğundursa, pambıq məhsulunun yığımı sentyabr ayının 1-ci və ya 2-ci ongünlüyündə həyata keçirilir.