az en ru

Xam pambıq məhsulunun yığım növləri

21.05.2020

Pambıq məhsulunun yığılmasında iki metod mövcuddur. Biri ənənəvi forma, yəni əl ilə yığılma. Digəri isə müasir yığma metodları (kombaynlar). Ölkəmizdə də hər iki metoddan aktiv olaraq istifadə edilir. Hər iki yığım növünün özünə xas üstünlüyü və çatışmazlığı mövcuddur. 

Pambıq məhsulunun əl ilə yığılmasının üstün və üstün olmayan tərəfləri:

Pambıq məhsulunun əl ilə yığılma metodu ənənəvi növlərdən biridir. Bu metodda texnologiya deyil, insanlar rol oynayır. Yüzlərlə işçinin tarlada olduğu metodun üstün və üsteün olmayan tərəfləri bunlardır:

  • Pambıq məhsulu əl ilə yığıldıqda itkilər minimuma enir. Hətta itki olmaya da bilər;
  • Əl ilə yığılan pambığın həm keyfiyyəti yüksək olur, həm də məhsul təmiz yığılır;
  • Əgər sort sınaq işləri və ya toxumçuluq məqsədilə pambıq yığılırsa, əl ilə yığım daha məqsədə uyğundur;
  • Əl ilə pambıq yığımının əmək sərfi yüksəkdir deyə, məhsulun maya dəyəri baha olur.

Pambıq məhsulunun maşınla yığılmasının üstün və üstün olmayan tərəfləri:

Texnologiyanın inkişafı ilə birlikdə əllə pambıq yığımına qarşı ikinci bir metod yarandı. Müasir maşınların pambıqçılıq sektoruna daxil olması, pambıq yığımlarında dəyişiklərə səbəb oldu. Əl ilə yığımda olduğu kimi bu metodun da üstün və üstün olmayan tərəfləri mövcuddur; 

  • Pambıq məhsulunu maşınla daha tez yığmaq mümkündür. Payız yağıntıları başlamadan yığım mövsümü bitmiş olur;
  • Əl ilə yığıma nəzərən, maşınla pambıq məhsulu yığılanda məhsulun maya dəyəri 30%-ə qədər aşağı düşür;
  • Maşın ilə yığım edildikdə, tarla pambıq məhsulundan vaxtında azad olur və növbəti əkin üçün geniş vaxt yaranır;
  • Yaxşı işləyən bir kombayn 60-100 nəfərin işini görə bilir. Əgər kombayn daha müasirdirsə, 5 metr en götürümündə 1 saatda 4-5 ton xam məhsul yığmaq olur. Bu da 400-500 nəfər pambıq yığan işçinin əvəz edilməsi deməkdir;
  • Pambıq maşınla yığıldıqda kolun hündürlüyü 100 santimetrdən çox olarsa, yığım zamanı kollar yerə yatmış olur və yığım keyfiyyəti aşağı düşür. Bu baxımdan maşınla yığıma uyğunlaşan alçaq boylu, tez yetişən və qozaları kütləvi açılan pambıq sortları becərilməlidir;
  • Kombayn işlədilən torpaq sahəsi təmiz və hamar olmalıdır. Alaq otlarından azad olunmuş tarla mütləqdir. Tarlada olan alaq otları kombayn şpindellərinin arasına keçir və kombayn pambığı tam yığa bilmir və yığılan pambıqda yaşıl rəngə boyanır;
  • Əgər tarlada pambıq kolları mövcuddursa, mütləq təmizlənməlidir. Təmizlənməsə, kombaynın yığımı çətinləşir və iş keyfiyyəti aşağı düşür.

Keyfiyyətin Qorunması

Pambığı yığmaqla iş bitmir. Yığılan pambığın keyfiyyəti aşağı olmasın deyə, bəzi qaydalara əməl etmək lazımdır. Bunun üçün bir neçə addım mövcuddur:

  • Pambıq yığımını zamanı məhsulu yad cisimlərdən və zibillərdən təmizləmək lazımdır. Təmiz halda yığılmış pambıq daha keyfiyyətli olur;
  • Əgər pambıq əl ilə yığılırsa, yığılmış pambığı hava keçirən torba və ya kisələrə yığmaq mütləqdir;
  • Pambıq məhsulunun yığımı payız yağışlarına qədər sona çatdırılmalıdır;
  • Pambıq məhsulunun nəm halda yığılması lif keyfiyyətini aşağı salır.